View Static Version
Loading

“Əminəylə ikimizin bir ərimiz vardı, amma bir-birimizi bacı kimi sevirdik”. Üç qadının hekayəsi Manon Bokuçava, Kvemo Kartli

Erkən nikahlar Gürcüstanda ciddi problem olaraq qalır. 15-19 yaşlı gürcüstanlı qadınların 14 faizi artıq evlidir. 2018-ci ildə 738 azyaşlı – 715 qadın, 23 kişi – valideyn olub.Kvemo Kartlinin qadın sakinlərinin 32 faizi yetkinlik yaşına çatmamış ərə gedib, onların 5 faizi 13-14 yaşlı qızlardır. 2015-ci ildə 13-17 yaş arası 408 məktəbli təhsili yarımçıq qoyaraq ailə qurub, onlardan əksəriyyəti qızlardır.Gürcüstanda erkən nikahların ən çox yayıldığı regionlar Kvemo Kartli və Acaradır. Həmin bölgələrdə bu, adət hesab edilir.

Biz üç qadının hekayəsini təqdim edirik. Bir zamanlar onlar təhsil xəyalı qururdular, amma ənənəyə uyğun olaraq ərə veriliblər. Onlar talelərinin necə gətirdiyi haqda danışırlar.
Sonya Mikeladze, 68 yaş

Şuaxevidə, Brili kəndində anadan olmuşam. Ailəmizdə beş uşaq idik. Mən qorxaq uşaqdım. Xüsusən də atamdan qorxurdum. Onun sözü mənim üçün qanundu. Məktəbdə çox yaxşı oxuyurdum, səkkizinci sinfi bitirmişdim. Təhsilimi davam etdirmək istəyirdim, amma bizim kənddə ancaq “səkkiz illik” vardı, qonşu kənddə tam orta məktəb olsa da, məni ora qoymadılar, qısa zamanda da ərə verdilər.

İlk dəfə atam məni 18 yaşında ərə verdi. Zorla. Ərimi sevmirdim. Üç ay dözdüm, evə qayıtdım. İlk dəfə atamın sözündən çıxdım. Bundan sonra mənimlə doqquz ay danışmadı.

20 yaşım olanda atam məni ikinci dəfə və yenə də zorla 45 yaşlı bir kişiyə ərə verdi. O artıq evli idi, iki qızı vardı. Atam məni onunla göndərəndə dedi ki, heç olmasa uşaq doğarsan. Mən isə uşaq doğa bilmədim, axırda ərimin nəvəsini övladlığa götürdüm.

Əminə ərini çox sevirdi. O, 25 il həbsdə olmuşdu, qadın isə onu gözləmişdi, iki qız doğmuşdu ona, tək böyütmüşdü, hələ üç dəfə Moskvaya da getmişdi ərinə nə cürsə kömək etmək üçün. İstədiyinə nail də olmuşdu - ərini gətirmişdi ordan. O isə belə bir qadına xəyanət elədi, məni ikinci arvad kimi gətirdi ki, onun üçün oğlan doğum. Mən isə heç doğa bilmədim.

Əminənin qızları məni çox istəyir və dəyər verirlər. Bilirlər ki, onların anası üçün çox şeyə dözmüşəm və əsasən də elə ondan ötrü bu ailədən çıxıb getməmişəm.

Çox illər keçib artıq. Amma atama qarşı incikliyim hələ də keçməyib. Anamdan incik deyiləm. Bir dəfə atama dedim incikliyimi. O, təklif elədi ki, bir-birimizi bağışlayaq və hər şeyi unudaq. Amma mən dedim ki, heç vaxt onu bağışlaya bilməyəcəm. Hətta o biri dünyada da.

Ərə getmək istəmirdim, Batumidə təhsil xəyalı ququrdum, ağ həkim xalatı arzulayırdım...

Amma hər şey elə gətirdi ki, sevginin nə olduğunu bilmirəm. Yox, insanları sevirəm, bunsuz necə olar ki, amma ərlə arvad arasında sevginin necə olduğunu bilmirəm – mən bunu dadmamışam. Mənimki kimi evliliklər isə bu gün də kəndlərdə nadir hal deyil.

Makvala Resulidze, 44 yaş

Xuloyi rayonunun Vaşlovani kəndində doğulmuşam. Valideynlərimin doqquz uşağı vardı. Uşaqlıqda çox nadinc idim. Yəqin elə ona görə idmana həvəsliydim

İki məktəbin rekordunu vurmuşam. Bütün yarışlarda birinci yeri tuturdum. Amma bununla belə lap uşaq vaxtlarımdan əlimdən hər iş gəlirdi – tütün plantasiyalarında işləyirdim. O vaxt biz tərəflərdə tütün yetişdirirdilər. Alma, armud yığımında işləyirdim, makulatura toplayırdım.

14 yaşımda isə həyatım dəyişdi. Əvvəlcə qardaşım həlak oldu, sonra anam ağır xəstələndi, itkiyə dözə bilmədi və üç il sonra o da vəfat etdi.

Ailəmiz üçün çox ağır idi, çıxış yolu yoxdu, odur ki, 19 yaşımda məni ərə verdilər. Toya qədər ərimi ancaq bir dəfə görmüşdüm. Deyə bilmərəm ki, bəyənməmişdim, tam əksinə. Amma xəyallarım başqa idi axı. Oxuyub feldşer olmaq istəyirdim. Amma...

Əvvəlcə yeni ailədə hər şeydən qorxurdum, yaşamaqdan qorxurdum. Nahar edəndə bir tikə artıq çörək götürməkdən çəkinirdim. Amma qaynana sarıdan bəxtim gətirmişdi, yaxşı insandı, məni doğma qızı kimi bilirdi. Yavaş-yavaş hər şeyi öyrəndim, çox işləyirdim.

Əslində elə indi də çox işləyirəm – mala baxıram, sahədə, evdə işləyirəm. Ərim çobandı. Sübh tezdən durmalı oluram, səhər 6-a qədər, ona yemək hazırlayıb yola salıram. Sonra bütün günü narahat oluram ki, evə sağ-salamat qayıtsın. Çoban arvadının həyatı çətindir.

Öz həyat təcrübəmdən onu deyə blərəm ki, qadınlar özlərinə dəyər verməlidirlər, mənim kimi üzərlərinə artıq yük götürməməlidirlər, bacardıqlarından artığını etməməlidirlər. Uşaqlarıma da həmişə deyirəm ki, özlərini çox yükləməsinlər, nəhayətdə bu, sağlamlıqlarına ziyandır. Mən artıq özüm bunu hiss edirəm, amma şikayətlənmirəm, baxmayaraq ki, ürəyim də sıxılır – başqa cür yaşamaq istəyirdim, amma hər şey tərs getdi. İndi daha çox uşaqlara təhsil verə bilmədiyim üçün narahatam.

Dariko Artmeladze, 43 yaş

14 yaşımda əynimə gəlin paltarı geyindirib, küncə qoydular. Necə qorxduğumu sözlə ifadə edə bilmərəm. Heç nə anlamırdım, evlilik haqda heç nə bilmirdim. Oxumaq istəyirdim, amma cəmi 6 sinif bitirə bildim. Həmişə deyirəm: erkən evlilik çox pisdir. Birinci yerdə təhsil durmalıdır. İnsan şəxsiyyət kimi formalaşmalıdır, özü öz həyatını qurmalıdır.

Həmişə deyirəm: erkən evlilik çox pisdir. Birinci yerdə təhsil durmalıdır. İnsan şəxsiyyət kimi formalaşmalıdır, özü öz həyatını qurmalıdır.