View Static Version
Loading

Azərbaycan 2020-ci ildə: nələr yaşanıb? SEÇKİLƏR, ETİRAZLAR, PANDEMİYA, MÜHARİBƏ

2020-ci il Azərbaycan üçün hadisələr baxımdan çox zəngin olub və ümumilikdə birmənalı keçməyib.

Azərbaycanda il seçkiqabağı marafonla başladı.

Fevralın 9-da ölkə parlamentinə seçki keçirildi. Hakimiyyətin söz verdiyi kimi Milli Məclis tərkibində böyük yenilənmə baş vermədi.

Real müxalifətdən parlamentə bir nümayəndə seçildi – Respublikaçı Alternativ Partiyasından Erkin Qədirli.

Seçkilərdən dərhal sonra gənc fəallar və müxalifət Mərkəzi Seçki Komissiyasının binası qarşısında bir neçə dəfə etiraz aksiyası keçirməyə cəhd göstərdi. Bütün aksiyalar polis tərəfindən dağıdıldı, bəzi fəallar həbs olundu.

Fevralın 28-də Azərbaycan hakimiyyəti ilk ölkə vətəndaşının koronavirusa yoluxduğu məlumatını verdi, səhəri gün İranla sərhədin bağlanması qərərı qəbul edildi.

Martın 2-dən bütün təhsil müəssisələri bağlandı. Onlar hələ də bağlı qalır.

Martın 12-də Azərbaycanda koronavirusdan ilk ölüm halı haqda bildirildi.

Bununla yanaşı martın 8-də feministlər artıq ənənəvi qadın hüquqlarına dəstək və onlara qarşı zorakılığa etiraz aksiyası keçirdilər. Baş tutmuş yürüş zamanı saxlanılanlar da oldu, amma onlar qısa müddətdə azad edildilər.

Martın 17-də Azərbaycan hakimiyyəti siyasi məhbus Əfqan Muxtarlını azad etdi və dərhal Almaniyaya göndərdi. Jurnalist orada yaşamağa davam edir. Muxtarlı 2017-ci ildə Gürcüstandan oğurlanmış və sərhədi qanunsuz keçməkdə ittiham olunmuşdu.

Martın 23-də Azərbaycanda koronavirusa görə ilk lokdaun tətbiq edildi – insanlara evdən çıxmaq qadağan olundu. Bir il ərzində bu qadağa bir neçə dəfə tətbiq edilib, bu zaman sms icazə alandan sonra evdən sutka ərzində 2-3 saatlıq çıxmaq mümkündü.

Aprelin 1-də COVID-19 pandemiyasına görə Bakı Metropolideninin fəaliyyəti dayandırılıb. Yayın sonunda ən populyar ictimai nəqliyyat növü qısa müddətə açıldı, amma sonra yenidən bağlandı. Bakıda metro hələ də işləmir.

İyunun əvvəlində Bakıda polis hüquq mühafizəçilərinə itaətsizlik göstərən bina sakinlərinə qarşı sərt əməliyyat keçirdi. İnsanlar səhər erkən öz mənzillərində saxlanılaraq, alt paltarında evdən çıxarılmışdı.

12-16 iyulda Azərbaycan və Ermənistan sərhədində atəşkəs rejimi pozuldu. Hərbi əməliyyatlar dörd gün davam etdi. Azərbaycan tərəfi “dörd günlük müharibə” nəticəsində 12 nəfər hərbçisini itirdi, bir nəfər dinc sakin həlak oldu.

İyulun 14-dən 15-ə keçən gecə Bakıda Qarabağ uğrunda müharibənin başlanması və işğal altında olan ərazilərin qaytarılması tələbilə razılaşdırılmamış aksiya baş verdi. Etirazçılardan bir qrup ölkənin parlament binasına daxil oldu. Nəticədə razılaşdırılmamış aksiyanın təşkili və bu aksiyada iştiraka görə müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının 45 üzvü həbs edildi. Noyabrda müxalifətçilərin cəzası şərti azadlıqdan məhrumetmə ilə əvəzləndi və onlar azadlığa buraxıldılar.

İyulun 16-da Azərbaycan prezidenti İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovu işdən azad etdi. Ermənistanla sərhəddə hərbi əməliyyatlar davam edən günlərdə o, iş yerində olmamışdı. Yeni XİN rəhbəri keçmiş təhsil naziri Ceyhun Bayramov təyin edildi.

Avqustun sonunda Azərbaycanda toy qalmaqalı yaşanıb. Kütləvi tədbirlərin keçirilməsi qadağan olunsa da, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni qızına toy edib. Bundan bir neçə gün sonra Mehdiyev tutduğu vəzifədən kənarlaşdırılıb və Azərbaycan Elmlər Akademiyasının prezidenti təyin edilib.

Sentyabrın 9-da Bakının mərkəzində istintaq təcridxanasında aclıq elan edən Tofiq Yaqublunun həbsinə etiraz aksiyası keçirilib. 40 nəfərə yaxın aksiya iştirakçısı saxlanılıb və tezliklə azad olunub. Bir neçə gün sonra hakimiyyət Yaqublu haqda həbs qətimkan tədbirini dəyişərək onu ev həbsinə göndərib. Bu, müxalifətçinin aclıq aksiyasının 18-ci günündə baş verib.

Sentyabrın ortasında Azərbaycanda ehtiyatda olan hərbi mükəlləfiyyətlilərin təlim toplantısı elan olunub. Bununla yanaşı küçələrdə “pikapların” müsadirəsinə başlanılıb, amma az sonra yenidən sahiblərinə qaytarılıb.

Sentyabrın 27-də ikinci Qarabağ müharibəsi başlayıb. Azərbaycanda hərbi vəziyyət elan olunub və komendant saatı tətbiq edilib.

İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, o cümlədən də Ermənistanın baş nazirinin üçtərəfli bəyanat imzalaması ilə başa çatıb. Müharibə nəticəsində Azərbaycan 1990-cı illərdə işğal olunan ərazilərinin böyük hissəsini geri qaytara bilib. İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu 2800 nəfərdən çox hərbçisini itirib, 100 nəfər dinc sakin həlak olub.

Dekabrın 10-da Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəfər Paradı keçirilib.

Created By
JAMnews Baku
Appreciate