Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə 1-5 yaşlı uşaqların cəlb edilməsi orta hesabla aşağı səviyyədədir. Bu göstərici şəhər və kəndlər arasında daha böyük fərqlə nəzərə çarpır. Son statistik rəqəmlərə əsasən Azərbaycanda 1785 məktəbəqədər təhsil müəssisəsi var və 124221 uşaq bağçaya gedir. Uşaqların bir qismi valideynlərinin arzusuyla evdə tərbiyə alırsa, əksəriyyət bağçalarda yer olmadığından, yaxud da ki, bağça çatışmazlığından öz hüquqlarından istifadə edə bilmirlər. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə uşaqların 90-98 faizi məktəbəqədər mütləq bağçaya gedirlər.
Məsələnin digər tərəfi isə, bağçalardaki, pedaqoqlardır. Valideynlər uşaqları üçün bağça seçərkən ilk növbədə pedaqoqların uşaqlarla işləmək qabiliyyətinə diqqətli olmalıdırlar.
Psixoloq Arzu Qurbanlı: "Ən böyük məsuliyyət bağça pedaqoqlarının üzərinə düşür. Valideynlərin isə ilk növbədə diqqət etməli olduqları vacib məqam isə ondan ibarətdir ki, uşaqlarını etibar etdikləri bağça müəlliməsinin psixikası yerində olmalıdır. Həmçinin də uşaqlarla işləmə metodikası, uşaqlara yanaşma tərzi də nəzərdən qaçılmayan məqamlardan olmalıdır.
Bağça ünsiyyət probleminə son qoyur
Psixoloq Arzu Qurbanlı bizimlə söhbətində bağçanın hər bir uşağın inkişafında xüsusi rola malik olduğunu dedi: "Bağça uşaqların nitqini inkişaf etdirmək, onları yazı vərdişlərinə hazırlamaq, ətraf aləmlə tanış etməklə yanaşı, ən əsası onlarda ünsiyyət bacarığını formalaşdırır. Bilirsiniz ki, ünsiyyət bacarığı olmadan, uşaq cəmiyyətə adaptasiya ola bilmir. Bu zaman isə böyük problemlər yaranır. Buna görə də uşaqların məktəbəqədər təhsil müəssisələrinə getmələri vacibdir. Valideynlərin isə seçimlərində yanılmamaları, etibar və güvənləri qazanmaqda isə ən böyük məsuliyyət bağça pedaqoqlarının üzərinə düşür. Valideynlərin isə ilk növbədə diqqət etməli olduqları vacib məqam isə ondan ibarətdir ki, uşaqlarını etibar etdikləri bağça müəlliməsinin psixikası yerində olmalıdır. Həmçinin də uşaqlarla işləmə metodikası, uşaqlara yanaşma tərzi də nəzərdən qaçılmayan məqamlardan olmalıdır. Hər bir bağça müəlliməsi də öz növbəsində yaş psixologiyasını çox gözəl bilməlidir. Biz bilirik ki, bağçalar da yaşa görə 3 qrup müəyyənləşdirilir, bunlar elə belə irəli sürülmüş bir fikir deyil. Hər qrupa uyğunda müəllimlər təyin olunur, hansı ki, hər qrupdakı uşaqların öz yaşlarına uyğun bacarıqlarını aşılasın. Hər bir bağça müəlliməsi uşaqlara fərdi yanaşaraq və onlarla ünsiyyət qurmağı bacarmalıdır ki, onların öz yaşlarına uyğun bacarıq və istedadlarını üzə çıxara bilsin. Çox təəssüf ki, bəzən bizim bağçalar da uşaqlara xüsusi yanaşma metodları seçilmir. Bağça tərbiyəçiləri ilə məktəb müəllimlərini müqayisə etsək, bağça müəllimlərinin üzərinə daha çox məsulliyət düşdüyünü görərik. Çünki məktəbə gedən uşağın artıq söz bazası yerində olur, yəni özlərini düzgün formada təqdim edə bilirlər. Bağçaya gələn uşaqlar da isə nitq ləngiməsi, söz bazasının az olması, öz fikirlərini aydın ifadə etməmək kimi problemlərlə müraciət edirlər. Bu zaman müəllimənin hər bir uşağa xüsusi yanaşma metodunu seçməsi lazım gəlir.”
Bağçada uşaq hansı imkanları qazanır?
Neçə illərdir uşaqlarla işləyən pedaqoq Ülkər Fətiyeva da azyaşlıların bağçaya getmələrinin vacib olduğunu bildirir. O, həmçinin qeyd edir ki, uşaqların tərbiyəsində bağça əvəzolunmazdır:
"Uşaqlarımıza biz nə qədər vaxt ayırsaq da onlar daha çox öz yaşıdları ilə oynamağa üstünlük verirlər. Həm bu səbəbdən, həm də ki, məktəbə hazırlıq məqsədi ilə övladlarımızı uşaq bağçalarına göndəririk. Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə, onu əhatə edən mühit, bağça, məktəb, informasiya vasitələri böyük rol oynayır. Bağçaların rolu isə əvəzedilməzdir. Çünki bağçalar sosiallaşma üçün atılan ilk addımdır. Bağçaya gedən uşaq daha fəal olur, özünə güvənir, paylaşmağı, dostlaşmağı bacarır. Üç yaşından başlayaraq uşaqlarda dil imkanları sürətlə inkşaf etməyə başlayır. Belə ki, 4 yaşlı uşağın lüğətində 1600-2000-ə yaxın söz ehtiyatı olur. Bağçaya gedən uşaq isə ətrafındakılarla ünsiyyət quraraq öz söz ehtiyatını daha da artırır".
Pedaqoq deyir ki, bağçaya getməyən uşaqlar yeni mühitə gec adaptasiya olurlar. Bununla yanaşı, özünə qapanır və ünsiyyət qurub, dostlaşmaqda çətinlik çəkirlər: "Bacarıqlarını inkişaf etdirə bilmədiyi üçün özünü kəşf edə bilmir. Kompleksləri çox olur".
Onun sözlərinə görə, bağçaya gedən uşaqlar isə məktəbə getməyə psixoloji cəhətdən hazır olurlar. Məktəbə gedən zaman vaxtında yuxudan oyanmaqda çətinlik çəkmirlər, məktəb mühitinə tez alışırlar: "Amma burada daha bir vacib məqamı gözdən qaçırmaq olmaz. Çox zaman bağçaya getmək istəməyən, uzun müddət getməsinə baxmayaraq ağlayan, bağçanı sevməyən uşaqlarla rastlaşırıq. Tədris müəssisəsinin təmiri, maddi imkanları nə qədər yaxşı olursa olsun, uşaqlarla bütün günü bərabər olan, onların qayğısına qalan, onların təlim tərbiyəsi ilə məşğul olan müəllimələrdir və onlar hər bir uşağa individual yanaşaraq bağçanı sevdirməyi bacarmalıdır.
Əgər bir pedaqoq uşaqla münasibət qura bilmirsə artıq bütün problemlər də burden qaynaqlanır. Bir pedaqoq seçərkən onun uşaqla münasibəti, təhsili, təcrübəsi və şəxsiyyəti mütləq nəzərə alınmalıdır".