Loading

Borjomi – son dayanacaq Marqo Leskonun Borjomidən fotoreportajı, JAMnews

Qış tətilinə Borjomiyə gedirəm. Bu, tamamilə depressiv şəhərə meylim haradan yaranıb, bilmirəm. Burada itlər də pərişan görünür. Yanınızdan bir sürü it arxasına boylanmadan keçib gedə bilər.

Qar örtmüş küknar ağacının altında qaşqabaqlı yaşlı qadın oturub, gül mürəbbəsi satır. Mürəbbə alıram. Hər dəfə alıram. Çox mülayim səslə

“Gəldin, əzizim?” – deyə xəbər alandan sonra necə almayasan?

Tünd rəngli paltosunun yaxalığında mənim uşaqlığımla yaşıd broş parıldayır. Bəlkə nə vaxtsa mən də paltomun yaxalığına belə bir broş taxdım.

Parkın girəcəyindəki köşkdə qız giriş biletləri satır.

“Bilet iki laridir”, - səs tonu o qədər soyuqdur ki, - nə bilet? Nə üçün bilet? Qarın üzərində iz qoymaq üçün? – kimi suallar verib, bütün mübahisə etmək həvəsini öldürür.

Sənin əvəzinə başqa bir qadın mübahisə edir:

“Quldurlar! Yayda yenə dərd yarıdır, indi ki heç nə işləmir – nəyə görə pul veməliyik? Özəl mülkdür? Üç uşağım var mənim. Burada, parkın yanında ev kirayələmişəm, hər gün də 50 metr o tərəfə, 50 metr də bu tərəfə gəzişmək üçün 8 lari ödəyirəm”.

Parkın qabağında, sağ tərəfdə “Kraun Plaza” mehmanxanası yerləşir. Bütün ətrafdakıların başının üstündə ucalaraq, təzad yaradır. Dəhşətli təzad. Ürək ağrıdan təzad.Yolun o biri tərəfində küçə boyu müxtəlif əl işləri, mürəbbələr, qozalardan suvenirlər, əl işi nümunələri satılır. Rəngbərəng. Əslində sevinc hissi yaşatmalıdır. Amma yaşatmır.

Parkın axırında çox gözəl xiyaban var. Gecələr xüsusilə gözəl olur. Nəhəng qarlı ağaclar, uzun skamyalar və lampionlar. Xiyabanın kənarında fasadı çox gözəl qraffiti ilə “bəzədilmiş” bina yerləşir:

- Göbələk sevirsən?

- Əlbəttə!

- Ayağımda var.

Küçə rəssamının əsərlərində çox sayda pişik var. Hər yerdə pişik. Görünür, rəssam pişikləri sevir və onlara sevgisini şəkillərini çəkməklə ifadə edir

Mən bu şəhərin həm də ən baxımsız, atılmış məkanını sevirəm. Bütün Borjomi dərəsi mənə çox gözəl bir gülü xatırladır, gül elə indicə açılmaq istəyir ki, bu zaman yiyəsiz it gəlib, ayağını qaldırır və... onu növbəti ilə qədər soldurur. Və bu təkrar-təkrar baş verir.

Qarlı Borjomi Yelena Axvledianinin işlərini xatırladır – kətana köçürülmüş, arxasında həyat işıldayan anlar və fasilələr

Hər gün yeknəsəq işlə məşğul olan insanların aramlı ləng həyatı. Qışda burada həyat parkda da güclə sezilir və ancaq onun don vurmuş yelləncəkləri, kafeləri, qarlı ağacları və hərəkətsiz qalan kanat yolunun fonunda “selfi” çəkdirən qonaqları bir qədər səs-küy yaradır.

Borjominin mərkəzində çox gözəl bir ev var. Digər evlərin fonunda bu, bəzədilmiş və müxtəlif işıqlarla bərq vuran ev bayram süfrəsində tər göyərti kimi görünür. Eynən “Evdə tənha” filmindəki Kevinin evinə oxşayır.

“Köhnə evlərin qəbiristanlığı” ifadəsi də sanki Borjomi haqqında deyilib. Və fərqi yoxdur, bu, tərk edilmiş evlərdir, yoxsa orada hələ də kimsə yaşayır.

Aynalanmış qalereyalar və eyvanları olan gözəl evlər yaruslarla dağların və təpələrin yamaclarında yerləşir, leqo konstruktorlar kimi, müxtəlif forma və ölçülərdə.

Həyətlərin vəziyyətindən anlamaq olur ki, burada yaşamırlar, həyat uğrunda mübarizə aparırlar. Bir tərəfdə paslı ləyən, bir tərəfdə süpürgə, hətta atılmış köhnə mebel var... Baxıb, düşünürəm ki, bu cür gözəllik tullanır.

Yaşıl qalereyası və qırmızı pərdələri olan bir evdən çox xoşum gəlirdi. Amma bir gün onu təmir etdilər– yaşıl-qırmızı gözəlliyi iki metal-plastmas pəncərə ilə əvəz etdilər. Sahibləri də qınamaq olmur. Şüşəli aynabənd istini saxlamırdı. Amma həmin həyət də öz orijinallığını itirdi. Düzdür, ac və soyuqdan donan adamla orijinallıq haqda danışmaq da olmur.

Daha əvvəl çəkilmiş birinci fotoda yaşıl qalereya əks olunub, ikincidə artıq yoxdur

Bu da bəzi yerlərində daşlaşmış mavi boyasını saxlayan qapı. Niyəsə poçtalyonun bura uzun müddət üçbucaq şəkilli məktublar gətirdiyini təsəvvürümdə canlandırıram. Amma bir dəfə də dördbucaqlı “rəsmi” zərf gətirir... O gündən də bu qapı daha heç vaxt açılmır

Ən kədərlisi isə şəhərin tikiş salonudur hər halda. Ötən və ondan əvvəlki il də eyni vaxtda bu salonun yanından keçməli olmuşam. Amma burada zaman sanki dayanıb, elə bil qədim saatın böyük əqrəbi kiçiyə ilişib qalıb, “cırıldayır”, amma “keçə” bilmir.

Heç nə dəyişmir. Hətta pəncərəyə yapışdırılmış Yeni il bəzəyi də. Ya da dərzilərdən birinin əynindəki sviter. Ya da o birisinin saç düzümü. Ancaq burada lövhəyə bərkidilmiş diskli işlək telefon görmək olar.

Heç deyərsən ki, bu iki şəkli bir-birindən iki il ayırır?

Çayın üzərindən yerlilərin Gözəllik Körpüsü adlandırdığı böyük ağ körpü keçir. Gecələr işıqlandırılır. O, mənə kiçik Avropa şəhərinin tikintisi zamanı qoyulan, amma sonra niyəsə tikintisi dayandırılan həmin o birinci kərpici xatırladır. Bu körpünün üzərindən keçməyi xoşlayıram, hələ də tikintinin nə vaxtsa davam etdiriləcəyinə ümid edirəm.

Bu fotonu “Kartlinin adi günləri” adlandırdım. O, çox şeydən xəbər verir:

Borjominin dəmir yolu vağzalının görünüşü daha da qəmgindir. Qatarlara köhnə vaqonlar qoşulub, Borjomidən Tbilisiyə və əks istiqamətdə hərəkət də heç bir məntiqə sığmır. Maşınla bu yolu asanlıqla iki saata, qatarla isə beş saat yarıma qət etmək olur.

“Ququ quşu” adını alan darısqal qatar isə uşaqlığa qaytarır. Pəncərənin qabağında oturub, qarlı mənzərələri seyr edirsən. Keçmişə səyahət edib, geri qayıdırsan. Bu zaman da sanki isti yorğana bürünüb, buxarının qabağında oturmusan.

Amma yenə də bu, isti şəhərdir. Çünki onun qəlbi var. Evlərin bacalarında belə hiss olunan qəlb. Qar dənəcikləri və başqa Yeni il applikasiyaları ilə evlərin pəncərələrinə yapışdırılan qəlb. Və ürəyinin dərinliyində sevinirsən – burada da Yeni ilin gəlişinə sevinirlər.
Created By
JAMnews Tbilisi
Appreciate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.