Loading

Turizm cığırı: Azərbaycandan olan həvəskarlar ölkəni “ayağa qaldırmaq” arzusundadırlar Hər gün mümkün olan dağlara səyahət

Adi adam üçün “cığır qazmaq” ifadəsi qəribə səslənə bilər, amma cığır dağın yamacındadırsa, məhz bu cür olur. Bel ilə külüngü götürüb, torpaqda pillələr və meydançalar oymaq lazımdır ki, cığırla hərəkət etmək mümkün olsun.

Aleksandr və Yevgeniya Nəcəfovlar Azərbaycanın İlisu kəndi yaxınlığında dağların yamacında 25 kilometr uzunluğunda bu cür cığır qazıblar. Bu iş onların iki ilini alıb, amma hər yerdə qazmağa ehtiyac olmayıb – bir çox yerlərdə cığır mal-qara sürülən yollardan keçir. Bu işi həmişə tək özləri görməyib – “İlisu” turizm pansionatının işçiləri də kömək edib, çünki cığır məhz buradan başlayır, ideyanın özü də burada yaranıb. İdeya isə turizm cığırının bütün istəyənlər üçün faydalı əyləncə növlərindən birinə çevrilməsindın ibarətdir.

Nəcəfovlar cütlüyü fəal istirahət ideyasını artıq uzun illərdir ki, təbliğ edir. Onlar eyni vaxtda bir neçə idman növüylə məşğul olur – alpinizm, qayalara dırmaşma, idmana yönəlik dağ xizəkləri. Sadəcə özləri üçün məşğul olmur, həm də bir çox hallarda tam təmənnasız gəncləri də öyrədirlər. Hər yay uşaqlar üçün skaut düşərgələri təşkil edirlər, ilin qalan hissəsi isə Bakıda skaut metoduyla uşaq dərnəyində məşğul olurlar: səfər və ya yarış təşkil etmək üçün əlverişli hava şəraiti olmayanda uşaqlar şəhərdə, hər hansı ərazidə istiqamət almağı, yol tapmağı, alpinist düyünləri bağlamağı öyrənir və ya təbiət qoynundaykən vacib olan bir çox başqa vərdişlərə yiyələnirlər.

Azərbaycanın turizm cığırı qlobal bir layihədir, Aleksandr Nəcəfovun dediyinə görə, bu layihə Azərbaycanda “outdoor mədəniyyəti”nin əsasını təşkil etməlidir. “Outdoor mədəniyyəti” təbiətlə qarşılıqlı təmas, ona qayğılı münasibət mədəniyyətidir ki, bunu da meşədə, dağlarda və ya tarlalarda öyrənmək olar. Bu, həm istirahət, həm sağlamlığın qayğısına qalmaq, həm də özün haqqında təzə nələrsə öyrənmək imkanıdır.

“Outdoor mədəniyyəti” – adət etdiyimiz urbanist mühitdən kənarda təbiətə qarşı necə davranmağımızdır. Bunun mahiyyəti enerji ilə bölüşməkdədir, özünü dağların və meşələrin bir hissəsi kimi hiss etməyindədir, insanın üfüqün o tərəfində nələrin olması ilə maraqlanmağındadır. İnsanlar bu mühitdə heç nəyi məhv etməməyi öyrənməli, özlərindən sonra mümkün qədər az iz qoymağa çalışmalıdırlar.

Bu ideyanın həyata keçirilməsinin əsas səbəbi isə ondan ibarətdir ki, insanın özünü canlı kainatın bir hissəsi kimi dərk etməsi yalnız “elita üçün” olmasın, indi misal üçün, Qəbələdəki dağ-xizək kurortu kimi istirahət növü olsun. Ora demək olar ki, hamı gedir, xizək sürmək istəməyənlər isə ancaq selfi çəkir və təmiz hava ilə nəfəs alır. İlisudakı cığırda da ailənlə nahara qədər gəzişmək üçün çox asan marşrutlar, fiziki hazır insanlardan ötrü bir neçə günlük səfər üçün çətin marşrutlar da var.

Burada peşəkarlar üçün artıq treyl-ranninq – dağ cığırları ilə qaçış üzrə yarışlar keçirilib. Qaşqaçay kəndinə (cığır hazırda orada qurtarır) birinci bir neçə saat ərzində 25 kilometr yolu qət edən britaniyalı idmançı gəlib. Dördüncü isə Qax şəhərindən olan oğlan olub, Yevgeniya Nəcəfova danışır:

“Onun nə normal ayaqqabısı, nə də normal təchizatı vardı, marşrutun axırına yaxın ayaqlarından qan açılmışdı, buna baxmayaraq, birincilərdən oldu”.
Treylranninq üzrə yarışların qalibi Qrehem Bruk
Azərbaycanlı treylranner Əlimərdənov Elçin

Yerli sakinlərdən söhbət düşmüşkən, idealda cığır yaxın kəndlərə çox faydalı olmalıdır. Dünya üzrə “sanballı” cığırların ətrafında olduğu kimi, burada da infrastruktur yaransa, yerli sakinlər üçün yüzlərlə iş yerləri açılacaq və biznes üçün əla perspektivlər yaranacaq – bu, həm suvenir satışı, həm evin kirayə verilməsi, həm də cığırda, misal üçün bələdçi işləmək imkanıdır.

Cığırın “təhsil” funksiyası da var – orada artıq ağacların adları yazılan lövhəciklər quraşdırılıb. Qarın üzərində isə vaxtaşırı başqa faydalı məlumatlar yaranır – misal üçün, yerli dağlarda yaşayan heyvanların izləri. Qonaqlara meşənin dişli sahiblərini hirsləndirməmək üçün özünü necə aparmağı isə bələdçilər öyrədəcək.

Nəcəfovlar ailəsinin böyük planları var – bütün Qafqaz sıra dağlarının üzərindən cığır açmaq, oradan Dağıstana keçmək və nəticədə layihəni beynəlxalq layihəyə çevirmək. Amma cığırın maliyyə və informasiya dəstəyinə ehtiyacı var. İşçi heyəti tutmaq və öyrətmək, təhlükəsizlik sistemini təmin etmək lazımdır. Hazırda cığırda gəzişmək istəyənləri Nəcəfovlar öz təchizatı ilə təmin edir, özləri də onlarla təlimçi kimi gedirlər. Yəni hələlik hər şey çox sadədir.

Bundan başqa, daha qlobal bir problem də var.

Azərbaycanda hələlik evdən kənarda, xüsusən də ailəvi fəal istirahət ənənəsi yoxdur. Azərbaycanın gözəl təbiəti, meşə və dağlarının böyük turizm potensialının olmasına baxmayaraq, insanlar onlarla sıx “ünsiyyət qurmağa” tələsmir. Yeni “Şahdağ” dağ-xizək kurortu azərbaycanlıları xizəyə bir qədər yaxınlaşdırsa da, meşəli dağ yamacları hələ də mənzərənin bir hissəsi olaraq qalır. Bakıdan olan turistlər üçün regionlarda spa-otellər və restoranlar tikilir, təbiət isə ancaq fon olaraq qalır.

İlisuya getmək üçün Bakıdan Qaxa gedən qatara bilet almaq lazımdır. Qatar bütün gecəni gedir, səhər mənzil başına çatır, amma burada düşmək lazım deyil. Sonra niyəsə “pavilyon” adlanan dayanacaq olacaq. Burada qatar düz beş dəqiqə dayanır, buna görə də düşməyə tələsmək lazımdır. Vağzal olmasa da, burada növbə çəkən taksi sürücüləri simvolik qiymətə sizi İlisuya aparacaq.

Dağ yamaclarındakı meşə ilin istənilən fəslində gözəldir – payızda qırmızı və sarının bütün çalarlarını görmək olar, yazda hər yer rəngbərəng, yayda isə yamyaşıldır. Ən gözəl mənzərə isə yuxarıdan, dağın üstündən açılır.

Created By
JAMnews Caucasus
Appreciate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.