Gürcüstanda rəhbərinə qarşı seksual təcavüzlə bağlı iddia qaldıran və məhkəməni qazanan artıq ilk qadın var.
Gürcüstanın öz Harvi Vaynşteyni peyda olub – məşhur və uğurlu ictimai simadan hamının barmaqla göstərdiyi, bir neçə qadın tərəfindən seksual təcavüzdə günahlandırılan birinə çevrilən adam.
Cəsarətli bir gürcü qadın bu yaxınlarda cəmiyyəətin reaksiyasından çəkinmədən təcavüzə uğradığını açıq bildirdi. Cəmiyyət isə belə durumlarda təcavüzkardan daha çox onun qurbanını qınayır.
Amma Gürcüstanın bərabər hüquqlu cəmiyyət olmaqdan nə qədər uzaq olduğunu anlamaq üçün bu bir neçə faktı sadalamaq yetərlidir:
Gürcüstanda hələ də qız qaçırırlar;
Hələ də selektiv abortlar aktualdır;
İşdə qadınlara kişilərdən daha az əməkhaqqı verlir;
Valideynlərinin əmlakı miras olaraq yalnız oğlanlara ötürülür, qızlar bir qayda olaraq əliboş qalır – baxmayaraq ki, hüquqi nöqteyi-nəzərdən mirasçılar bərabərdir.
Gürcüstan əhalisinin 52,3 faizi qadınlardan ibarətdir, onlardan 36 faizi ali təhsillidir (bu, kişilərin eyni göstəricisindən 4 faiz çoxdur). Bununla belə parlamentdə və ümumiyyətlə siyasətdə indiyə qədər qadınların sayı çox azdır – 150 parlament deputatından cəmi 23 nəfəri qadındır (təxminən 15 faizi), 11 nəfər hökumət üzvünün isə yalnız üçü qadındır.
2017-ci il gender bərabərliyi reytinqində Gürcüstan 144 ölkə arasında 94-cü yeri tutub.
Son onillikdə bərabər hüquqluluq ideyasının müzakirəsi cəmiyyəti bu məsələ ilə tanış edən qeyri-hökumət sektorunun hüdudlarını xeyli aşıb. Gürcüstanın feminizm tərəfdarlarına artıq daha çox yaradıcı peşə sahibləri arasında rast gəlmək mümkündür.
JAMnews onlardan bəziləri ilə patriarxal cəmiyyətdə feminist olmağın yükü haqda söhbətləşmək qərarına gəlib.
Kutaisili rəssam Liya Uklebanın həyatında elə bir dövr olub ki, ona tok-şoular, etiraz aksiyaları həsr olunub, kilsədən qovulma, ölkədən sürgün və qətllə təhdid edilib.
Ölkənin ən nüfuzlu şəxsi – Gürcüstan Pravoslav Kilsəsinin katolikos-patriarxı İkinci İliya onun əsəri haqda belə demişdi: “Gürcüstanda [inanclıların hissləri] hələ belə təhqir olunmamışdı”.
Rəsm əsəri “Müqəddəs Məryəm oyuncaq tapança ilə” adlanır. Rəsmdə hamilə Məryəm intihar etmək istəyirmiş kimi əlindəki tapançanı gicgahına dirəmiş şəkildə əks olunub.
“Müqəddəs Məryəmə” qədər Liyanın rəsmləri bu qədər “diqqət” çəkməmişdi, bunun öhdəsindən gəlmək onun üçün ağır idi.
Daha sonra rəssam bildirmişdi ki, rəsmin yaradılmasına onu “din adı ilə min cür alçaqlıq edən” insanlar sövq edib.
“Onlar insanı ölümə düçar edə, küncə dirəyə, daşa basa, öldürə bilərlər. “İntihar cəhdi” bizim tanrısız qalmağa layiq olduğumuz haqda mesajdır. Mənim tərəfimdən bu zarafat idi, acı zarafat, bunun üzərində düşünməyə dəyərdi”.
Mənim 5 yaşım olanda artıq dəqiq bilirdim ki, rəssam olmaq istəyirəm, amma böyüyəndə əminliyim yox oldu.
Həyatımda 20 illik bir dövr var ki, özümü tamamilə unutmuşdum. Mən həyatda qalmaqdan başqa heç nə haqda düşünmürdüm. Uşaqlarımı tərbiyə edir, ailəmi dolandırırdım, fiziki iş görürdüm. Gürcüstanda qadınlar çox vaxt bu duruma düşür, onlar özlərini məişətdə itirirlər.
Mən nəinki rəsm çəkmirdim, hətta kitab da vərəqləmirdim – nə vaxt yox idi, nə də imkan. Mənim intellektual inkişafım sadəcə donmuşdu.
Yenidən əlimə fırçanı 36 yaşımda aldım. Uşaqlar böyüdü, yaşamaq daha asan oldu, daha çox vaxt yarandı. Onda özümdən soruşdum, analıqdan başqa əlimdən nə gəlir?
Məndən çox vaxt Müqəddəs Məryəm haqda rəsm barədə danışmağımı istəyirlər – niyə onu çəkmişəm. Bu haqda danışa bilmirəm. Mən elə hər şeyi sözlə ifadə edə bilmədiyim üçün rəsm çəkirəm.
Təsəvvür edin, əgər qadın enerjisini ailəsinə və ev işlərinə yox, öz inkişafına sərf edə bilsəydi, nələr olardı?!
İndi mən çəkirəm, amma yenə də evdarlığım qalır – emalatxanam elə burdadı, evdə, mətbəxin yanında. Amma hərdən günlərlə ora baş çəkə bilmirəm – mətbəxdə işim çoxdu, orda daha çox lazımam.
Qadınlar iki cəbhədə döyüşür – evdə də işləyirlər, işdə də. İşləri kişilərlə müqayisədə iki dəfə çox olur, amma qadınlara daha az əməkhaqqı verirlər
Gürcüstanda çoxları indiyə qədər hesab edir ki, qadın ərə gedib, uşaq doğmaq üçün yaranıb. Bir çox qızlar çox tez ərə gedir, təhsil almır və bütün həyatları boyu başqalarından asılı olurlar”.
Dina Ohanova, fotoqraf, 30 yaş
Dinanın fotolarının qəhrəmanları qadınlardır. Onları çəkmək üçün O, Gürcüstanın hər yerinə səfər edir və deyir ki, Tbilisidən kənarda başqa reallıqla – regionlarda hələ də qalan patriarxal adətlərlə üzləşir. O deir ki, onun fotolarının qəhrəmanları güclüdürlər, amma əksərən özlərini realizə edə bilməyiblər, çünki şərait onlara inkişaf etməyə imkan verməyib.
Onun layihəsi (S)hero(es) adlanır. Bu, yazıçı Salome Benidze ilə birlikdə nəşr etdirdiyi foto-kitabdır. Bu kitabda Rusiya və Gürcüstan arasındakı 2008-ci il avqust müharibəsi haqda qadınların hekayələri toplanıb. Dina deyir ki, bu kitab müharibənin kulisində qalan qadınlar haqdadır.
Uşaqlıqda Barjomidə anamla istirahət edəndə, biz hər dəfə yerli fotoqrafa məxsus olan eyni mənzildə qalırdıq.
O, Barjomi parkında işləyirdi və istirahət edənlərin şəklini çəkirdi.
Həmin evdə mənim istədiyim hər şeyi eləmək haqqım var idi, amma sadəcə bir otağa girə bilməzdim. Fotoqrafın şəkil çıxardığı həmin otağın qapısında saatlarla oturardım və oradan yayılan qırmızı işığa baxardım. Onun oradan çıxmağını gözləyərdim ki, qapıdan boylanım və heç olmasa nəsə görə bilim.
Böyüyəndən sonra fotoqraf olmaq istədiyimi deyəndə çoxları mənə deyirdi ki, bu qadın işi deyil.
Bugün mən çox xoşbəxtəm ki, bu stereotipə məhəl qoymamışam. Düşünürəm, həyatda bəxtim çox gətirib. Maraqlı insanlarla tanış olmaq, möhtəşəm yerlərə getmək, maraqlı hekayələr danışmaq, nəyisə dəyişmək imkanım var.
Demək olar ki, bütün layihələrim bir qayda olaraq özlərini kimə və ya nəyə görə isə qurban verən qadınlar haqdadır. Ailə, uşaqlar, nəvələr, ərlər – gürcü qadınların həyatları bundan ibarətdir.
Mənim ailəmdə də özünü qurban vermə örnəyi var. Mən balaca idim atam öləndə. Anam bir daha ərə getmədi və bütün həyatını mənə həsr elədi. Ona deyirəm ki, belə etməməli idi. Qadının öz həyatı olmalıdır.
Çox səyahət edirəm və görürəm ki, regionlarda vəziyyət daha çətindir. Orada qadınlar hətta hüquqlarının olduğundan belə xəbərsizdirlər. Yəqin ki, onlar səslərini qaldırmaq istəyərdilər, amma onlara bu imkan verilmir. Onlar bunu necə edəcəklərini bilmirlər.
Mən qaçırılan qızlar haqda layihəni həyata keçirəndə 16 yaşında ərə gedən bir qızın şəklini çəkmişdim.
Onu qaçırıb, evə qapadıblar, təhsilini davam etdirməyə imkan verməyiblər. Bu qız haqda tez-tez düşünürəm – o öz övladlarına nə verəcək? Bəs onun uşaqları öz övladlarına nə verəcəklər?
Bu zənciri necə qırmaq olar? Yəqin ki, yalnız təhsil vasitəsilə, başqa çıxış yolu yoxdur.
Mənim son layihəm də ərlərini, övladlarını və digər ailə üzvlərini itirmiş qadınlar haqdadır.
Biz Cuna adlı bir qadın tapdıq, 2008-ci ilin avqustunda Qori bombardman edilən zaman şəhər xəstəxanasında dünyaya uşaq gətirmişdi, adını da Keto qoymuşdular.
Marinanın Nule kəndində çörəkxanası vardı. O, atəşdən xilas olmaq üçün kəndi ən son tərk edənlərdəndir. Evdən çıxmazdan əvvəl süfrə açıb, yemək qoyub ki, birdən gürcü əsgərlər ac olarlar.
Müharibədən keçən qadınlar çox möhkəmdir, ailələri onların üzərində dayanır, onlar bütöv kəndləri xilas ediblər. Amma həyatları elə gətirib ki, onlar istədiklərinin hamısını deyə, özlərini ifadə edə bilməyiblər”.
Nestan (Nene) Kvinikadze, yazıçı, 38 yaş
90-cı illərdə Tbilisidə işıq olmayanda, cinayətkarlıq üzündən küçədə gəzmək təhlükəli olanda və hamı eyni cür tünd rəngli paltar geyinəndə Nene al qırmızı pomada istifadə edir, yeknəsək ətraf reallıqdan bu yolla seçilməyə çalışırdı.
O deyir ki, başqalarının eləmədiyi şeyləri eləmək istədiyi üçün yazmağa başlayıb.
Onun cəsarətli mətnlərində qadınlar çox vaxt özlərini “əsl gürcü qadınının aparmalı olduğu” kimi aparmır, buna görə də o tez-tez tənqid obyektinə çevrilir.
Mənim 18 yaşım vardı anam öləndə. Atam iki yeniyetmə qızı ilə təkbaşına qalmışdı.
Bu faciə gələcək həyatımla bağlı çox şeyi müəyyən etdi, hansısa mənada qalxan rolunu oynadı.
Məndə ağrı ilə bağlı böyük qorxu yarandı. Qorxurdum ki, kimsə məni yaralaya bilər, buna görə də məndə qəribə müdafiə mexanizmi işə düşdü – məni incidib, canımı yaxmasınlar deyə özünümüdafiə məqsədilə ilk olaraq özüm yaralaya və incidə bilərdim.
Bir çox hallarda, o cümlədən də şəxsi münasibətlərdə birinci tərk etməyi üstün tuturdum, qorxurdum ki, məni ağrıdacaqlar. Yaxşı ki, həmin dövr geridədir. Ağrıdan qaçmaq mümkün deyil, amma o vaxt özümü yəqin ki daha rahat hiss edirdim.
Ənənələrə sadiq olan atam uşaqlıqdan bizə kutaisili bir qadının hekayəsini danışırdı, 1937-ci ildə onun atasını güllələmişdilər, özünü məktəbdən qovmuşdular və “xalq düşməninin” qızı kimi qarşısında bütün qapıları bağlamışdılar.
Bu qadın mənim nənəm idi. O, Tbilisiyə köçüb, vəziyyətə uyğunlaşa, ailə qura, övlad yetişdirə bilmişdi. Ətrafdakıların onun haqqında nə düşündüyü vecinə deyildi – o küçədə gəzə-gəzə açıq şəkildə siqaret çəkirdi.
Zaman keçdi və mən anladım ki, bu hekayəni biz də belə güclü olaq deyə bizə danışırdılar.
Mənim üçün feminizm elə budur – daxili güc. İstəyirəm ki, başqasına güc verə bilən hər kəsi feminist adlandırsınlar.
Bilirsiz nəyə təəssüf edirəm? Əvvəllər müəllif qadınları, rəssamları, nə ilə isə məşğul olan hər kəsi açıq tənqid edirdilər. İndi tənqidçi yüz dəfə düşünür ki, onun özünü siyasi səhvə yol verməkdə və qadına nifrətdə günahlandırmasınlar.
Bu tendensiya xoşuma gəlmir. Bu da diskriminasiya forması və bərabərsizliyin daha da dərinləşəcəyi riskidir. Sən qadınsan, deməli, səninlə mübahisə etmək mənasızdır – bu yanaşma təhqiredicidir.
Gürcüstanda çox şey dəyişir, amma qadınlar tam bərabər hüquqlardan və azadlıqdan hələ də çox uzaqdırlar. Mənə çox vaxt etiraz edirlər ki, Tbilisidə belə şeylər artıq baş vermir – fiziki və psixoloji zorakılıq nəzərdə tutulur, guya belə şeylər ancaq yüksəkdağlıq kəndlərdə, buradan uzaqda baş verir. Biz çox yanılırıq, çünki əslində bizim yanımızda, çox yaxınımızda qızlar və qadınlar sıxışdırma qurbanı olur.
Mətnlərimin çoxu məhz onların dilindən yazılıb – bunlar qadınların hekayələri, qızların romandan roma artan təcrübəsidir. Mənim üçün çox vacibdir ki, qadın özündə güc tapsın və əgər bunda onlardan heç olmasa birinə mənim mətnlərim kömək edəcəksə, çox xoşbəxt olaram”.
Layihənin müəllifi: JAMNews
Mətnin müəllifi: Nino Qamisoniya
Foto: Dina Ohanova
Video: David Pipiya
Etiraz aksiyasından foto: Yana Korbezaşvili