Loading

Telavi Marqo Leskonun bloqu

Biz Telavi ilə bir-birimizi ilk baxışdan sevdik. Qomborini keçən kimi hiss elədim ki, burada başqa cür nəfəs alırsan. Bilmirəm, bəlkə də harasa ilk dəfə gedəndə ən əsası necə köklənməyindir, bir də kiminlə səyahət etməyin. Ən çox yol yoldaşımla açılan dünyaya eyni pəncərədən baxmağı, eyni şeyləri görməyi, eyni duyğuları yaşamağı sevirəm. Mənim üçün emosiyalar birində təzahürünü tapdığı zaman mükəmməl olur.

Telavinin əsas küçələrindən birinə gedib çıxdığımız an lazım olan əhvala kökləndik.

Küçənin ortasından kanal keçir. Onun üzərində isə körpü var. Bu mənzərə o qədər dinclik gətirir ki, iki tərəfdən də keçən maşınların səsini eşitmirsən, sovetdən qalma binaların balkonlu korpuslarını görmürsən.

Bu duyğular sakitcə oturan, küçənin aurasını yaradan insanların görkəmindən daha da dərinləşir.

Sonda yol ikiyə ayrılır. Sağ tərəfdə məbəd və balkonları adamların başına doğru sallanan evlərin sıralandığı gözəl izdihamlı küçə görünür. Burada bütün həyətlər səhmanlıdır. Hər tərəf gül-çiçəkdir. İnsan qaynayır. Bəziləri məbəddən qayıdır, digərləri sadəcə öz ailəsiylə dincəlir.

Məbədin yanında iki oğlan gözümə dəydi. Biri divarın dibində oturmuşdu, digəri velosipedinə yer eləyib, içəri girdi. Velosipedi görcək oturanın gözləri işıldadı. O, divarın dibi ilə yavaş-yavaş ətrafa boylanaraq yandan-yandan velosipedə yaxınlaşdı. Amma məlum oldu ki, o, sadəcə velosipedə toxunmaq istəyirmiş.

Fotolara baxanda anladım ki, olduğum həmin yerdə və həmin an nə qədər xırda hekayələr yaşanır. Bunu mən çəkilişlərlə məşğul olandan sonra hiss elədim.

Bu küçə başqa, avropasayağı, 1921-ci ildə sovetləşmədən uzaq qalmış Gürcüstanı xatırladır.

Yolayrıcından sol tərəfə yol şəhərin mərkəzinə, II Erekle (Batonis Tsixe) sarayına aparır. Burada şəhərin ürək döyüntüsünü hiss edirsən. 50-ci illərin binaları şüşəbənd eyvanlı ənənəvi gürcü evləri ilə Telavinin düz göbəyində harmoniya içində qonşuluq edir.

Bu küçədə də tünlükdür. Gözəllik və azadlıq. Hər yan rəngarəngdir. Atmosfer və ritm burada bir başqadır, sanki Gürcüstanın şəhərində deyilsən.

Binalardan birinin birinci mərtəbəsi gözəllik salonudur. İçəridə zahirən çox maraqlı bir qadın var, çəkinmədən kameramı ona zilləyirəm. Belə kadrı əldən vermək olmaz. Bu foto ən sevdiklərimdən biri oldu. Onu “Almodovarın personajı”, qəhrəmanın özünü isə “Laura” adlandırdım. Niyə də yox? Həm ispanca, həm gürcücə gözəl səslənir.

Telavi bər-bəzəkli qadınlar şəhəridir. Adama elə gəlir ki, onlar bu yolla şəhərimizin reallığından və məişət qayğılarından qaçırlar. Üz ifadələrindən, yerişlərindən görünür ki, onlar burada elə ölkəmizin hər yerində olduğu kimi yağ-bal içində yaşamırlar.

Mənə elə gəldi ki, o “Ole!” deyə qışqıraraq əllərini qaldıracaq və qızğın flamenko rəqsi ilə süzüləcək.

O mənim telavili “Sara Barasımdır”.

Bu şəhər sevgili cütlüklərin və velosipedli oğlanların şəhəridir.

Onları hər yanda, hər “xəlvət” bucaqda görürəm və uşaqlığımın “hekayələrini” xatırlayıram, hamısı gözümün önündə canlanır.

Gecə Telavisi daha çox heyrətləndirir. O canlıdır və daha tünlükdür. Hamı küçədədir. Bəziləri gəzir. Digərləri istirahət edir. “Batonistsixe” bağında xüsusən çox adam var. Sevinc və ümid dolu.

Biz gecə Telavidə çox gəzdik və nəhayət, məbədə aparan küçəyə gəlib çıxdıq, onun da yanından keçib, diki qalxdıq, sonra isə “sovetləşmə” yaşamış küçəyə çatdıq.

Küçə uzundur. Gecə isə çox gözəldir. Təmiz və səliqəli. Ətrafda lampionlar var. Sakitlikdir. Sallanan balkonlardan çiçəklər “süzülür”. Balkonların birinin altında uzun saçlı, döyməli bayker dayanıb. Motosikleti də yanındadır. Ultra qısa şortlu qızla nəsə danışır.

Həyətlərin birindən sarı rəngə bürünmüş küçəyə “Şerburq çətirli” yüngül, şəffaf əlbisəli qadın çıxdı.

Yuxarıdan içində yalnız yanına yaxınlaşdığı zaman eşidiləcək qədər asta musiqi çalınan “Şevrole” kabrioleti sakitcə keçir. Bir qədər aralıda evlərin birinin yanında gənclər toplaşıb. Səs-küy salmırlar, söyüş söymürlər, imtahanları müzakirə edirlər.

Belə həzz içində küçə boyu addımladıq, özümüzü hansısa Avropa şəhərinə düşmüş kimi təsəvvür etdik. Hekayələr “oğurlamaq” ümidi ilə açıq pəncərələrə qulaq kəsilirdim. Və birdən balkonların birindən ifadə edilməsi çətin olan Telavi ləhcəsi ilə danışan səs eşitdim: “Qadın, satıcı düzünü deyər? Satıcılar peyini də qızıl elan edər, təki sata bilsinlər, analarını elə...!”

Və hər şey yerbəyer oldu.

Səhəri gün bütün həvəsimi bu uşaqların gözlərindən və bu adamın bir jestindən aldım.

Telavini necə sevməyəsən?!

Kim desə ki, Tanrı göylərdə yaşayır, inanmayın. O, Telavinin iyirmi kilometrliyində, Alazan dərəsində yaşayır və Alaverdi məbədinə baxır.

Credits:

მარგო ლესკო

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.