Loading

Övladlarımızı radikal dini cərəyanların təsirindən necə qoruyaq? – ARAŞDIRMA

Azərbaycanda nə qədər dini qurum var?

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 940 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 907-si İslam, 33-ü isə qeyri-islam (xristian – 22; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. 2017-ci ildə dini təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb. Ölkə ərazisində 2250 məscid mövcuddur. O cümlədən Azərbaycanda 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. (Mənbə: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (http://www.scwra.gov.az/az/view/pages/306?menu_id=83)

Radikal meyllər necə yayılır?

Elnur Rüstəmov: "Nəzərə almaq lazımdır ki, yeniyetməlik dövrünün öz psixoloji narahatlıqları olur. Hər bir yeniyetmə də bu narahatlıqları fərqli formada yaşayır. Daha çox təhsildən yayınanlar bu qrupların qurbanına çevrilirlər. Əslində valideyn görür və bilir övladı nə işlə məşğuldur. Sadəcə ya ciddiyə almır, ya da görməməzlikdən gəlir. Valideyn o zaman hərəkətə keçir ki, artıq ziyanını görməyə başlayır. Əlbəttə, valideyn anında tədbir görsə, problem də zamanında həllini tapacaq. Əsas diqqəti biz təhsilə yönəltməliyik."

Artıq illərdir ki, bəzi yeniyetmə, gənc, hətta uşaqların dini radikal təriqətlərə meyllənməsi baş verir. Bunların nəticələri barədə az-çox məlumatlıyıq. Əfsus ki, bu zaman həmin şəxslər sadəcə “qurban” olduqlarını anlamır, bunu dinin müəyyən “vacib hökmü” kimi qəbul edərək “yuxarı”ların – sifarişçilərin əmr və tələblərini qeyd-şərtsiz yerinə yetirməklə məşğul olurlar. (Müxtəlif səviyyələrdə olan çıxışlarda bu fikirlər səsləndirilib: həm dövlət qurumlarının nümayəndələri tərəfindən, həm də ilahiyyatçılar tərəfindən)

Radikal dini ideologiyaları yayaraq uşaq və yeniyetmələri öz cənginə alanlar əlbəttə ki, çox zaman problemli, münaqişəli, valideyn tərbiyəsindən uzaq, diqqətdən kənar uşaqları özlərinə “qurban” seçirlər. Valideynlər bundan xəbər tutanda isə artıq iş işdən keçmiş olur. Bəs görəsən, valideynlər böyük qardaş və bacılar ailələrində belə məqamda nələrə diqqət yetirməlidirlər? Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun rəhbəri, psixoloq Elnur Rüstəmovun fikirləri ilə tanış olduq.

“Çox zaman onlar bunu problem kimi yox, həyat tərzi kimi dəyərləndirirlər və psixoloji dəstəyə müxtəlif üsullarla müqavimət göstərirlər”

- Bildiyiniz kimi, bu gün biz informasiya əsrində yaşayırıq. Əsrin öz çağırışları var. Bu çağırışları adekvat cavab vermək üçün birinci növbədə ən müasir elmi biliklərlə silahlanmalıyıq. Bu istiqamətdə təhsil bizim üçün ən prioritet sahə olmalı, onun fasiləsizliyi təmin olunmalıdır. İnsan özünü dərk edəndən ömrünün sonuna qədər öyrənməli, özünü inkişaf etdirməlidir. Bununla paralel psixoloji sağlamlıq qorunmalıdır. Bura biz psixoloji, tibbi, pedaqoji, loqopedik məqamları daxil etməliyik. Bu məqamlar uşaq dünyaya gələndən hər bir valideynin diqqət mərkəzində olmalıdır. Burada birinci növbədə harada, hansı şəraitdə yaşamağından asılı olmayaraq valideyn özü maraqlı olmalıdır. Valideynin maraqlı olması üçün cəmiyyətdə maariflənmə işini aparmaq lazımdır. Bunun həyata keçirmə formaları müəyyənləşməli, faydaları təbliğ olunmalıdır. Bu gün qeyd edilən istiqamətdə dövlət tərəfindən böyük addımlar atılır və qanunlar qəbul olunur. Bu qanun layihələrində psixoloji sağlamlıq və psixoloji təhlükəsizliklə bağlı geniş faəliyyət istiqamətləri öz əksini tapıb. Bu, həm də psixoloji dəstəyin fasiləsizliyinin təmin edilməsi istiqamətində atılan addımdır. Artıq uşaq bağçasından başlayaraq hər bir uşağın psixi sağlamlığı diqqət mərkəzində olacaq. (Mənbə: “Psixoloji sağlamlıq haqqında” Qanun) Bütün bunlar əslində yuxarıda qeyd etdiklərimin həyata keçirilməsində hazırlanan baza prinsiplərdir. Bunlar həyata keçirilidikcə uşaq və yeniyetmələrin hansısa radikal qrupara qoşulması, zərərli vərdişlərə aludə olması və sair bu kimi neqativ halların qarşısı alınacaq. Böyük iqtisadi, siyasi təbəddülatlarla dolu bir zaman yaşayırıq. Bundan ən çox əziyyət çəkən günahsız insanlar olur. Tarixən insanları kütləvi şəkildə idarə etmək, onları öz marağının qurbanına çevirmək üçün müxtəlif vasitələrdən istifadə olunub. Bu vasitələrdən biri də bu gün dünyada geniş yayılmış radikallıq və onun bir qolu olan dini radikalizmdir. Cəmiyyətdə qarışıqlıq salmaq üçün çox vaxt onlardan istifadə olunur. Azərbaycanda da bunu həyata keçirmək istəyən qüvvələr var və onlar ətraflarına daha çox insan cəlb etməyə çalışırlar. Bu qrupların "toruna"düşənlər daha çox yeniyetmələr olur. Onların duyğularına təsir göstərərək, öncə özlərini “ədalət” carçısı kimi təqdim edir, bəzi dini ritual və konkret öz məqsədlərinə xidmət edən kitablar oxutdurur, audio və video materiallarla təbliğat işi aparırlar. Valideynlər ilk dövrlər bunun təhlükəli olduğunu görməməzlikdən gəlirlər. Artıq övladlarının düşüncə və davranışlarında qəribəliklər görəndə hərəkətə keçirlər ki, bu da çox zaman gec olur. Digər qism uşaq və yeniyetmələri isə valideynlər özləri bu işlərə cəlb edirlər. Əsas təhlükə də belə hallarda yaranır.

“Daha çox təhsildən yayınanlar bu qrupların qurbanına çevrilirlər”

- Nəzərə almaq lazımdır ki, yeniyetməlik dövrünün öz psixoloji narahatlıqları olur. Hər bir yeniyetmə də bu narahatlıqları fərqli formada yaşayır. Daha çox təhsildən yayınanlar bu qrupların qurbanına çevrilirlər. Əslində valideyn görür və bilir övladı nə işlə məşğuldur. Sadəcə ya ciddiyə almır, ya da görməməzlikdən gəlirlər. Valideyn o zaman hərəkətə keçir ki, artıq ziyanını görməyə başlayır. Əlbəttə, valideyn anında tədbir görsə, problem də zamanında həllini tapacaq. Əsas diqqəti biz təhsilə yönəltməliyik. Bununla biz özümüzü bir çox problemlərdən sığortalamış olarıq. Təhsildən yayınma halları da daha çox yeniyetməlik dövründə baş verir. Konkret olaraq 5-ci sinifdən sonra. Bu zaman uşaqlar yeniyetməlik dövrünə qədəm qoyurlar. Onların düşüncə və davranışlarında kəskin dəyişikliklər baş verir. Ona görə də valideynlər belə həssas dönəmdə övladlarının yanında olmalı, onlara dəstək olmalıdırlar. Çox zaman yeniyetmələrin daxili psixoloji narahatlıqları olur ki, bunu da onlar ailə ilə paylaşa bilmirlər. Belə hallarda yaxşı olardı ki, valideyn övladını psixoloqla görüşdürsün. Əks təqdirdə yeniyetmə ətrafın, tanımadığı insanın təsirinə düşür ki, bu da irəlidə daha böyük problemlərə yol açır.

“Bəzən dini təriqətlərin daşıyıcıları olan kişilər həyat yoldaşlarını, uşaqlarını müxtəlif dini ayinləri icra etməyə məcbur edir, nəticədə həmin ailələrin dağılması prosesi baş verir”

- Bəzən xanımlar dini təriqətlərin qurbanına çevrilirlər. Sonradan ailə üzvlərini də bu işə cəlb etməyə çalışırlar. Zatən onların bu qruplara cəlb edilməsi məqsədli, planlı şəkildə baş verir. Cəlb edilənlər arasında bütün təbəqələrdən olan insanlar olur. Problem təbəqəyə yox, insana, fərdə bağlı bir problemdir. Çox zaman onlar imkanlı, nüfuzlu adamları, yaxın ətrafını öz qruplarına əlavə edərək, zaman keçdikcə onlardan öz məqsədləri naminə istifadə etməyə çalışırlar. Bununla bağlı müraciətlər də olur. Çalışırıq ki, birinci növbədə onlarda düşdükləri durumla bağlı bir fərqindəlik yaradaq. Çünki, çox zaman onlar bunu problem kimi qəbul etmir, həyat tərzi kimi dəyərləndirirlər və psixoloji dəstəyə müxtəlif üsullarla müqavimət göstərir, seanslara gecikir, tez-tez vaxtı dəyişirlər. Şübhəsiz, biz bütün buna anlayışla yanaşır, çalışırıq ki, onlar probleminin fərqində olsunlar. Ondan sonra birgə fəaliyyət planı hazırlanır. Açığı elə hallar da olub ki, onları bu yoldan çəkindirmək qeyri-mümkün olub. Bu isə istisnalıq təşkil edir.

Təhsil eksperti Kamran Əsədov: "Bəzi dini qüvvələr müəyyən vədlər, şirnikləndirici təkliflər qarşılığında yuxarı sinif şagirdlərini öz dini mərkəzlərinə dəvət edib onları öz sıralarına daxil etməyə çalışırlar"

Təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycanda tolerant mühitin olmasına baxmayaraq, bəzi qüvvələr bu sabitliyi pozmaq istəyir və bunun üçün azyaşlılardan istifadə edirlər: "Hazırda ölkənin 4472 orta məktəbində 1.6 milyon şagird təhsil alır. Bu, olduqca geniş auditoriyadır. Təəssüf ki, günümüzdə bəzi dini qüvvələr müəyyən vədlər , şirnikləndirici təkliflər qarşılığında yuxarı sinif, xüsusi ilə IX-XI sinif şagirdlərini öz dini mərkəzlərinə dəvət edib onlara söhbətlər edir, belələrini öz sıralarına daxil etməyə çalışırlar.

“1990-cı illərin əvvəllərində ölkədəki qeyri-stabil vəziyyətdən istifadə edən qeyri-ənənəvi təriqət nümayəndələri müxtəlif din və cərəyanları yaymağa başlamışdı”

Ekspertin sözlərinə görə, müəyyən dini quruplar, icmalar dinin hökmlərindən öz məqsədləri, maraqları üçün istifadə edir, dini kitabları dəyişərək, təhrif edərək azyaşlı şagirdləri aldadırlar: "Gənclərin qeyri-ənənəvi, mürtəce cərəyanlara cəlb olunmasının qarşısının alınması kimi onlar arasında maarifləndirmə işlərinin aparılması vacibdir. Bu istiqamətdə məktəblərin rolu böyükdür. Amma təəssüflər olsun ki, hazırda orta məktəblər öz üzərinə düşən işi yerinə yetirmək istəmirlər və yerinə yetirmirlər. Üstəlik, bəzi valideynlər də dini xurafata meyl edirlər; məsələn, Məhərrəm ayında, xüsusilə Aşura günü dini ayinlərin icrası zamanı bu ayinlərə körpələrin, yetkinlik yaşına çatmayan uşaqların cəlb edilməsi kimi addımları da atırlar. Xoşagəlməz hal odur ki, balaca südəmər uşaqların min illərlə daşınan fanatizmə, ekstremizmə, düşüncəsizliyə yem edildiyinin, qurban olunduğunun da şahidi oluruq. Bilirsiniz ki, 1990-cı illərin əvvəllərində ölkədəki qeyri-stabil vəziyyətdən istifadə edən qeyri-ənənəvi təriqət nümayəndələri müxtəlif din və cərəyanları yaymağa başlamışdı. Bunlar arasında vəhabilik, xaricilik və sair, xristian-protestant yönümlü adventizm, “Yehova şahidləri”, habelə müstəqil dinlər kimi fəaliyyət göstərən krişnaizm, sankretist dinlər olan bəhailik,munçuluq,ibrahimilik kimi cərəyanları göstərmək olar.

QEYD: Bu cərəyanlar haqqında aşağıdakı linklərdən ətraflı məlumat əldə edə biləriniz: (https://modern.az/az/news/22741http://news.lent.az/news/42112http://news.lent.az/news/42169)

“Orta məktəblərdə din tədris olunmalıdır"

"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul olunub. Kamran Əsədov bu qanunla gənclərin təriqətlərə cəlb olunmasının qarşısı ciddi şəkildə alınsa da, hələ də müəyyən bölgələrdə problemlərin olduğunu vurğulayır: "Bütün bu problemlərin aradan qaldırılması üçün orta məktəblərdə dini biliklərin tədrisi işinə çoxdan başlanmalı idi. Axı dini dəyərlər tarix boyu xalqımızın milli-mədəni və ideoloji identikliyini formalaşdırmış əsas baza hesab olunur. Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, şagirdlər dini cəhətdən savadlansın. Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu, zəruri edir ki, orta məktəblərin aşağı siniflərindən başlayaraq dini biliklər tədris olunsun. Amma dini tədrislə məşğul olacaq müəllimlərin dini yaxşı bilməsi, ölkəmizin milli-mənəvi “xəritə”sinə bələd olması ilkin şərtdir. Xaricdə oxuyan əksər dindarların, bəlkə də ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmamaqları, təhsil aldıqları ölkələrin dini mühitini ölkəmizdə kortəbii şəkildə yaratmaq cəhdləridir. Yerli məzunların da çatışmayan cəhəti İslam hüququ, tarixi, mədəniyyəti və s. haqda biliklərinin yüksək səviyyədə olmamasıdır. Beləliklə, bu sahədəki kadrların əksəriyyəti sağlam dini tədris aparacaq səviyyədə deyil. Bir sözlə, düşünürəm ki, doğru və dolğun dini təhsil bu problemin də aradan qaldırılmasına imkan verərdi.

Hamlet İsaxanlı: "Məktəblərdə ictimai elmlər, fəlsəfə və onların əsasları kimi fənlər tədris olunmalıdır".

Bu mövzu cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və müxtəlif fikir ayrılıqlarına səbəb olur.  Məsələyə yanaşmalar müxtəlifdir. Ölkənin tanınmış elm, mədəniyyət xadimlərinin bir çoxu, eləcə də bir sıra millət vəkilləri hesab edirlər ki, dinin orta məktəblərdə xüsusi bir fənn olaraq tədrisi zərərlidir. Xəzər Universitetinin təsisçisi və Himayədarlar Şurasının sədri, professor Hamlet İsaxanlı deyir ki, məktəblərdə ictimai elmlər, fəlsəfə və onların əsasları kimi fənlər tədris olunmalıdır: "Belə dərslərin keçirilməsi daha doğrudur, nəinki din. Çünki din elm deyil. Vicdan, əxlaq və bu kimi mənəvi hisslər elmlə təhlil olunmur. Bunlar insanın öz daxili dünyasının məhsuludur".

Hamlet İsaxanlı dini dərslərin keçirilməsini düzgün hesab etmədiyini deyir: “Fəlsəfə fənninin daxilində dinə də xüsusi yer ayrılıb.Amma burada çox dərinliyinə varılmır. Məcburi din dərsi keçmək əvəzinə, onun yerinə fəlsəfi istiqamətdə olan dərslər keçirilməlidir”.

Orta məktəblərdə dinin ayrıca fənn kimi tədris edilməsi gündəmdə deyil. Təhsil Nazirliyi: "Gələn tədris ilindən Azərbaycanda 4-8-ci sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı yeni "Həyat bilgisi" dərsliklərindən istifadə etməsi nəzərdə tutulur.

Nazirlikdən bildiriblərki, 4-8-ci sinif şagirdləri üçün yalnız "Həyat bilgisi"nin deyil, digər fənlər üzrə də dərsliklərin təkmilləşdirilmiş nəşri hazırlanır. Hazırda həmin dərsliklər ictimai müzakirədədir. "Həyat bilgisi" dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib.

2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdləri üçün dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərinin tədris edilməsi nəzərdə tutulub.

Milli Məclisinin deputatı Fazil Mustafaya görə belə fənnin tədris olunması normal haldır.

Fazil Mustafa: Dünyəvi dövlətdə dini dərsin ixtisaslaşmış formada keçirilməsi məqsədəuyğundu.

Bu dərsin“Həyat Bilgisi adı altında keçirilməsi müsbət addımdı. Tək din dərsini öyrətməkdənsə, onun bir fənn adı altında ümumi şəkildə tədrisi təqdirəlayiq haldır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edir ki, orta və ali məktəblərdə dinin tədrisi vacibdir. Hətta qurum bunun ayrıca fənn kimi tədrisinin vacibliyini vurğulayır.

Qurumdan bildirilib ki, böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizə uyğun formalaşması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. Qurumdan onu da bildiriblər ki, son illər orta məktəblərdə “Həyat bilgisi” adlı fənn tədris olunur. Bu fənn çərçivəsində şagirdlərə dinlərlə bağlı məlumatlar da verildiyini qeyd edən komitə yetkililərinin sözlərinə görə, hazırda “Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görülür. “Ümumiyyətlə, məqsəd dinlər barədə şagirdlərə məlumat vermək, onların bu istiqamətdə dünyagörüşünü artırmaqdır. Bir sözlə, söhbət orta məktəblərdə dinin tədrisindən yox, dinlərlə bağlı ilkin biliklərin verilməsindən gedir. Bu sahənin təkmilləşdirilməsi istiqamətində gələcəkdə də işlər davam etdiriləcək. Azərbaycanla yanaşı, digər ölkələrdə də belə təcrübələr var. Hətta bir sıra ölkələrdə bütün dinlər (səmavi və digərləri) barədə orta təhsil müəssisələrində ayrıca dərslər keçirilir” - deyə komitədən mətbuata bildirilib.

Şam kimi əriyənlər...

2016-cı ildə West Point Terrorizmlə Mübarizə Mərkəzi tərəfindən aparılan araşdırma zamanı Azərbaycandan İŞİD-ə qoşulan muzdluların sayının 122 nəfər olduğu qeyd olunub. (Mənbə: https://sputnik.az/news/20160420/404772630.html)

Ötən il açıqlanan rəsmi məlumatda isə bildirilir ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub. (Mənbə: http://kaspi.az/az/dtx-suriyaya-geden-azerbaycan-vetendaslarinin-sayi-1000-den-cox-olub/pages/q.pdf)

2017-ci ildə isə açıqlanan rəqəmlərdə İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlının döyüşlərdə öldüyü bildirilib. Ümumiyyətlə İŞİD-ə qoşulanlardan 85 nəfərin həbsdə, 195 nəfərin isə Azərbaycan vətəndaşlığından çıxarıldığı qeyd olunur. (Mənbə: https://azvision.az/news/126956/isid-e-qosulan-300-e-yaxin-azerbaycanli-doyuslerde-olub-medet-quliyev.html)

Din sahəsində də vəziyyət necədir?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Azərbaycana qarşı din amilindən istifadə edərək yönələn təhdidlərin qarşısı alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyir ki, dövlət qurumları ölkədə radikalizm ideyalarının yayılmasının qarşının alınması, o cümlədən, dinlə, bağlı düzgün maarifləndirmə işi bir neçə istiqamətdə aparılır: "Bu prosesin əvvəlində belə yalan fikirlərə uyaraq və yaxud da öz maraqlarını təmin etmək üçün Azərbaycanda da İŞİD-ə qoşulanlar haqqında faktlar var idi. Lakin həm ölkə daxilində hüquq-mühafizə orqanlarının apardığı profilaktik tədbirlər, həm Milli Məclis tərəfindən ekstremizm və terrorizmə qarşı mübarizə ilə əlaqədar qanunlara, o cümlədən “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin edilməsi, həm də cəmiyyət içərisində müxtəlif dövlət qurumlarının apardığı siyasət öz nəticəsini verdi. İndiyə qədər Azərbaycana qarşı din amilindən istifadə edərək yönələn təhdidlərin qarşısı alınıb". (Mənbə: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Trend-ə müsahibəsi (http://www.dqdk.gov.az/az/view/news/8513/mubariz-qurbanli-bu-gun-dini-radikal-qruplarin-azerbaycanda-ne-ideoloji-)

Ramil Zeynallı

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.