Martin Luther King: «Bir arzum var...»

ABŞ-da qaradərililərin hüquqları uğrunda hərəkatın lideri Martin Luther King 1929-cu il yanvarın 15-də Atlantada keşiş ailəsində doğulub. 1954-cü ildə Alabama ştatında baptist kilsəsinin keşişi olub. 1955-ci ildə Boston Universitetində doktorluq işini müdafiə edib. Artıq bu vaxta qədər o, qaradərililərin hüquqları uğrunda hərəkatda fəal iştirak edirdi. Qaradərililərin tərəqqisi uğrunda milli cəmiyyətin rəhbərliyində təmsil olunurdu.

1955-ci ilin dekabrında Martin Luther King ABŞ-da qaradərililərin ən böyük dinc nümayişinə rəhbərlik edir. Bu aksiya «avtobus boykotu» adlanırdı. 382 gün davam edən boykotun sonunda - 1956-cı il dekabrın 21-də ABŞ Ali Məhkəməsi avtobuslardakı irqi ayrı-seçkiliyin Konstitusiyaya zidd olması haqda qərar qəbul edir. King həbs olunur, evi partladılır, hədə-qorxulara məruz qalır. Eyni zamanda o, bu boykotdan qaradərililərin lideri kimi çıxır.

Martin Luther King 1957-ci ildə Cənub Xristian Liderliyi Konfransını təşkil edir. Təşkilatın prezidenti seçilir. Harada ədalətsizlik vardısa, buna qarşı etiraz aksiyaları keçirilirdisə, King ora gedir, çıxışlar edirdi. 1957-ci ildən 1968-ci ilə qədər - 11 il ərzində o, 6 milyon mil səyahət edib. Ümumilikdə 2500 dəfə çıxış edib. Bu müddətdə o, saysız məqalələr yazıb. 5 kitabı çıxıb. Kütləvi aksiyalara rəhbərlik etməklə bütün dünyanın diqqətini cəlb edib.

1963-cü ilin avqustunda Cənub Xristian Liderliyi Konfransı Vaşinqtonda izdihamlı yürüş keçirir. King Linkoln Abidəsi önünə toplaşmış 250 min adam qarşısında çıxış edir. Bu çıxışı milyonlarla adam televiziya ilə canlı izləyir.

King həmin çıxışında deyir: «Bu yürüş tarixə xalqımızın azadlıq uğrunda ən böyük nümayişi kimi düşəcək. 100 il əvvəl indi simvolik kölgəsində dayandığımız dahi amerikalı Müstəqillik Bəyannaməsini imzaladı. Bu sənəd ədalətsizlik alovunda yanan milyonlarla qaradərili qullar üçün ümid işığı oldu. Bu sənəd onlarda uzun, məşəqqətli gecənin günəşli bir günlə əvəzlənəcəyinə ümid yaratdı.

Ancaq 100 il keçməsinə baxmayaraq, qaradərililər hələ də azad deyillər. Qaradərilinin həyatı hələ də ayrı-seçkilik zənciri ilə qandallanıb. Qaradərililər böyük maddi rifah okeanının yoxsulluq adasında yaşamaqda davam edir. Qaradərililər hələ də öz torpaqlarında özlərini sürgündəki kimi hiss edirlər. Üzləşdiyimiz və üzləşəcəyimiz çətinliklərə baxmayaraq, hələ də mənim bir arzum var - Bir gün bu xalq oyansın və «bütün insanlar bərabər doğulub» inancının əsl mahiyyətini dərk etsin. Arzu edirəm ki, bir gün keçmiş qulların övladları ilə keçmiş quldarların övladları bir masa ətrafında əyləşin. Dörd kiçik övladımın elə bir ölkədə yaşamasını arzu edirəm ki, orada heç kim dərisinin rənginə görə yox, xarakterinə görə mühakimə olunsun

Arzu edirəm ki, balaca qaradərili oğlan və qızlar ağdərili oğlan və qızlarla bacı-qardaş kimi ələ-ələ tuta bilsin». Martin Luther King 20 dəfə həbs olunub, azı 4 dəfə döyülüb. 1963-cü ildə «Time» jurnalı onu «İlin adamı» elan edib. 35 yaşında Nobel Sülh Mükafatı alıb. Aldığı mükafatı - 54 123 dolları hərəkata bağışlayıb.

King 1968-ci aprelin 4-də Menfis şəhərində küçə təmizləyənlərin tətilinə dəstək aksiyasına rəhbərlik etmək üçün bu şəhərə gəlir. Qaldığı otelin balkonundan küçəyə baxanda, ona atəş açılır. Öldürüləndən sonra tərəfdarlarının bir qismi qisasa, bir qismi soyuqqanlı olmağa çağırır. 100-dən çox şəhərdə üsyanlar baş verir. King'in ölümündən sonra küçə təmizləyənlərin tələbi yerinə yetirilir. Onlara da ağdərililər kimi çətin hava şəraitində işə çıxmamaq hüququ verilir. Onu öldürən şəxs 1969-cu ildə həbs olunur. 99 il azadlıqdan məhrum edilir, 70 yaşında ölür.

Created By
AS AS
Appreciate

Credits:

Created with images by caboindex - "martin luther king" • Hatschii - "martin luther king" • Jason Riedy - "Martin Luther King, Jr. Memorial" • Jason Riedy - "Martin Luther King, Jr. Memorial" • Mr. Littlehand - "Martin Luther King assassination image" • Abode of Chaos - "Martin Luther King, painted portrait DDC_8617" • MDGovpics - "The 14th Martin Luther King, Jr. Birthday Parade Celebration" • Leader Nancy Pelosi - "Congresswoman Pelosi celebrates Dr. Martin Luther King, Jr. Day" • kimberlykv - "Martin Luther King Jr Memorial" • WarmSleepy - "Dr. Martin Luther King, Jr." • Abode of Chaos - "Martin Luther King, painted portrait DDC_8613" • Seattle Municipal Archives - "Dr. Martin Luther King Jr. Day march, 2003"

Made with Adobe Slate

Make your words and images move.

Get Slate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.