Loading

Tbilisi müharibəsindən 27 il keçir Zaza Abaşidze, Tbilisi

1991-ci il dekabrın 22-də Tbilisi küçələrində 15 günlük silahlı qarşıdurma başladı və Gürcüstanın qanunla seçilmiş prezidenti Zviyad Qamsaxurdiyanın və başçılıq etdiyi hökumətin devrilməsi ilə sona çatdı.

Bu 15 gün Gürcüstan tarixinə “Tbilisi müharibəsi” adı ilə daxil oldu.

27 il əvvəlki hadisələr və bu hadisələrə rəvac verən şərait ölkənin gələcək taleyinin müəyyənləşməsində əhəmiyyətli rol oynadı. Həmin vətəndaş müharibəsində 113 nəfər həlak oldu, Tbilisinin mərkəzi yandırıldı, darmadağın edildi. Ölkə isə uzun illər davam edən iqtisadi tənəzzül, enerji böhranı və ümumi xaos dövrünə girdi.

Zviyad Qamsaxurdiyanın hökuməti və müxalifət altı aya yaxın vəziyyətin gərginləşməsinə və silahlı münaqişəyə doğru yol getdi. Baş nazir Tenqiz Siqua istefa verəndən sonra vəziyyət xüsusilə gərginləşdi. Dekabrın 20-də prezident Qamsaxurdiya Milli Qvardiya komandanı vəzifəsini ləğv etdi. O zaman bu vəzifəni Tenqiz Kitovani tuturdu.

Foto: Camal Kasradze

Kitovani prezidentin bu qərarına tabe olmadı və qvardiyanın böyük hissəsi - 15 min nəfərə yaxın döyüşçü ilə əvvəlcə Rkon dərəsinə, oradan da Tbilisi dənizi yaxınlığındakı turist bazasına yerləşdi.

“Çatdırın ki, təslim olmaq niyyətində deyiləm. Hələ ki sağam, sona qədər mübarizə aparacam və ona kimin kim olduğunu göstərəcəm”, - Kitovaninin bu sözləri tarixə düşdü.

Foto: Şah Ayvazov

Müxalifət hakimiyyəti söz azadlığını məhdudlaşdırmaqda, qeyri-demokratik idarəçilikdə və “QKÇP”yə (FHDK) qarşı loyallıqda günahlandırdı. Müxalif əhvallı ziyalılar televiziya binası qarşısında permanent etiraz aksiyaları keçirirdi. Tələbə hərəkatları da onlara qoşulmuşdu. Demək olar ki, cəmiyyətin bütün təbəqələri qarşıdurmaya cəlb olunmuşdu.

Zviyad Qamsaxurdiya öz növbəsində ictimai çıxışlarında z apponentlərini “Rusiya agentləri” və “satqın” adlandırırdı.

Foto: Milli Demokratik Partiyanın binası önündə Qamsaxurdiya hökumətinə qarşı təşkil olunmuş etiraz aksiyası

Ən faciəvi, eyni zamanda ən həlledici məqam dekabrın 22-də səhər saat 8-də oldu. Məhz bu vaxt Rustaveli prospektində gözlənilmədən atışma başladı. Kitovani Tbilisinin mərkəzində bir neçə strateji binanı ələ keçirmişdi. Tbilisi müharibəsi beləcə başladı.

Foto: Camal Kasradze

“Cənab Qamsaxurdiya, sizə son şans verilir – ağ bayraq qaldırın və təslim olun, əgər sağ qalmaq istəyirsizsə”, - keçmiş baş nazir Tenqiz Siqua bu sözləri prezident Qamsaxurdiya ilə 1991-ci il dekabrın 22-də baş tutan telefon danışığında səsləndirmişdi. O zaman Qamsaxurdiya tərəfdarları ilə birlikdə Ali Sovetin binasının bunkerində gizlənmişdi.

Foto: Şah Ayvazov

Qarşıdurmada həlledici amil kriminal “avtoritet” Caba İoselianinin türmədən çıxması və mindən çox üsyankar döyüşçüdən ibarət “Mxedrioni” silahlı dəstəsinə qoşulması oldu. Kitovani Caba İoselianini dekabrın 26-da azad etdi. Bu, dönüş nöqtəsi oldu. Caba İoseliani Tenqiz Siqua və Tenqiz Kitovani ilə birlikdə putçun əsas simalarından birinə çevrildi.

Caba İoseliani Tenqiz Siqua və Tenqiz Kitovani ilə birlikdə putçun əsas fiqurlarından biri oldu

Foto: Şah Ayvazov
Foto: Şah Ayvazov

Ali Sovetin keçmiş üzvü İrakli Melaşvili o günlərin olaylarını Rusiya tərəfindən hazırlanmış təxribat adlandırır, amma bütün olanlara görə məsuliyyəti Qamsaxurdiyanın üzərinə qoyur: “Təxribata uymaq olmaz. Hakimiyyət səriştə və bacarıq nümayiş etdirməli, belə səhvlərə yol verməməlidir”.

FOTO: ELEPTER LAPACHI

İrakli Tsereteli – “Müstəqil Gürcüstan” partiyasının keçmiş lideri. 1991-ci ildə o, Qamsaxurdiyaya qarşı müxalifətdə idi, amma silahlı qiyamı dəstəkləmədi: “İki amil Qamsaxurdiyanın məğlubiyyətinin təminatı oldu – onun özünün yanlış qərarları və həmin hadisələrdə Rusiyanın əlinin olması. Zviyadın ilkin səhvi silahlı qüvvələrin siyasi proseslərə müdaxiləsini beşiyindəcə boğmamağı oldu. Kitovani və hakimiyyəti devirmək üçün silaha əl atan hər kəs ən başda məhv edilməli idi. İstənilən güclü və özünü sevən dövlətdə belə edərdilər və bunda qeyri-demokratik heç nə yoxdur”.

FOTO: ELEPTER LAPACHI

Akaki Asatiani Ali Sovetin keçmiş sədri: “Çevriliş birbaşa Yeltsindən gəlirdi, buna rəhbərlik etmək üçün isə onun keçmiş favoriti Gennadi Burbulis təyin edilmişdi. Bütün bu prosesi o, koordinasiya edirdi. Daha sonra təxminən eyni şeylər Tacikistanda və Azərbaycanda da təkrarlandı”.

FOTO: ELEPTER LAPACHI

Gürcüstanın parlament bunkerinə sığınanların vəziyyəti gündən-günə pisləşirdi. Onlar döyüşçüləri itirirdi, bütün kommunikasiyaları qapanmışdı, bu da dezinformasiyaya xidmət etdi və yanlış gözləntilər doğurdu.

Zviyad Dzidziquri – Zviyad Qamsaxurdiyanın tərəfdaşı: “Bir neçə dəfə Zviyada demişdim ki, 10, 5 və ya 3 minlik dəstələrin köməyə gəldiyi yalandır. Bu, məxsusi yayılmış şaiyələr idi ki, bizdə müəyyən illüziyalar yaransın”.

FOTO: ELEPTER LAPACHI

Dekabrın 22-də başlayan silahlı qarşıdurma yanvarın 6-da, Zviyad Qamsaxurdiya və ailəsi bunkeri tərk etdib, Azərbaycan sərhədini keçəndən sonra başa çatdı. Daha sonra keçmiş prezident Ermənistana, oradan da Çeçenistana keçdi. Qamsaxurdiyanın prezident seçilməsindən cəmi 10 ay keçmişdi.

Qamsaxurdiya Gürcüstanı tərk edəndən sonra Gürcüstanın rəhbər orqanı olaraq Caba İoselianinin rəhbərliyi altında dövlət şurası yaradıldı.

foto: Elepter Lapachi

Tarixçi David Cişkariani: “O müharibədə qaliblər yox idi, məğlub olan isə Gürcüstandı. Suveren Gürcüstan dövləti ideyası məğlub oldu”. Onun sözlərinə görə, 15 günlük müharibənin əks-sədası bütün 1990-cı illərdə ölkəni təqib etdi, onun fəsadları addım başı özünü göstərirdi: .

“Abxaziyaya qoşun yeridilməsi əsasən Zviyad Qamsaxurdiya tərəfdarlarının Sameqrelo və Abxaziyada gizlənməsi ilə bağlı idi. Abxaziyaya silahlı qüvvələrin daxil olması haqda elan olunan ilk dekretdə deyilirdi ki, qoşun dəmiryolunun mühafizəsi üçün yox, zviyadçılarla mübarizə məqsədilə yeridilir”

Foto: Camal Kasradze

2005-ci il martın 11-də Gürcüstan parlamenti xüsusi qətnamə qəbul edərək, 1991-ci il dekabrın 22-də başlamış çevrilişi “konstitusiyaya zidd” adlandırdı. Amma prosesə, onun iştirakçılarına hüquqi qiymət hələ də verilməyib və heç kim məsuliyyətə cəlb olunmayıb.

foto: Giorgi Cagareli
Created By
JAMnews, Tbilisi
Appreciate

Credits:

Materialda Georgi Tsaqareli, Şah Ayvazov, Camal Kasradze və Elefter Lapaçinin o cümlədən də Gürcüstan Milli Kitabxanasında saxlanılan fotolarından istifadə olunub

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.